Xəbərlər

ADU-da Əminə Dilbazi yad edilib

XƏBƏRLƏR
Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyevanın təşkilatçılığı ilə Azərbaycan rəqqasəsi Əminə Dilbazinin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbir Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən baş tutub.

Dosent Sevdagül Əliyeva Azərbaycan rəqs sənətində Əminə Dilbazinin əvəzsiz rolundan danışıb. O, Əminə Dilbazinin çox çətin dövrdə Azərbaycan rəqslərinin ilk addımlarını, boşluqdan dahi incəsənət nümunələrini yaratdığını deyib. Ə.Dilbazi kimi dahi şəxsiyyətləri yada salmağın, onların hansı çətinliklərdən keçdiklərini bilməyin, onlardan öyrənməyin bizim borcumuz olduğunu bildirib. S.Əliyeva həmin şəxslərin Azərbaycan mədəniyyətini dərindən sevən, bütün həyatlarını bu mədəniyyətin inkişafına həsr etmiş insanlardan biri olan gözəl rəqqasəmiz Əminə Dilbazinin xalq rəqslərinə belə öz hərəkətləri ilə öz adını verən dahi olduğunu deyib.

Daha sonra Regionşünaslıq kafedrasının müəllimi Sevinc Qurbanova Əminə Dilbazinin həyatı və təhsili, baş müəllimi Rəna Rəcəbli Azərbaycan qadını kimi Əminə Dilbazi şəxsiyyəti haqqında danışıblar.

Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin müdiri Tahir Eynullayev Əminə Dilbazinin rəqslərinin quruluşu, onun bu sahədə pedaqoji fəaliyyəti, rəqslərinin metodikasından, "Çinar" rəqs ansamblının keçmiş üzvü, bir dövr onun rəhbəri işləmiş Nərgiz Abdullayeva dahi rəqqaəsinin ansambldakı fəaliyyətindən, Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi Əminə Dilbazinin Mirvarid Dilbazi ilə əlaqələri və xatirələrindən, Əminə Dilbazinin nəvəsi Cəmil Hacıyev nənəsi ilə bağlı xatirələrindən söz açıblar.

Tədbirdə Əminə Dilbazinin rəqsləri və çıxışlarının əks olunduğu videogörüntülər nümayiş olunub.