Xəbərlər

“Azərbaycan ədəbi dilinin tarixi inkişafında klassik tərcümə əsərlərinin rolu” - dəyirmi masa

XƏBƏRLƏR
Fevralın 20-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan ədəbi dilinin tarixi inkişafında klassik tərcümə əsərlərinin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq Elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə baş tutub.

ADU-nun Elm və innovasiyalar məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov bu kimi tədbirlərin universitetdə təşkil olunmasını yüksək qiymətləndirib. O, tərcümənin mürəkkəb, lakin faydalı proses olduğunu bildirib. N.Məmmədov tərcümənin dili, milləti zənginləşdirdiyini, onlara yeni həyat verdiyini, tərcüməçilərin dünyagörüşünü genişləndirməyə yardımçı olduğunu dilə gətirib.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Azərbaycan ədəbiyyatının klassik tərcümə ənənəsinin olduğunu deyib. O, tərcümənin dilin bütün imkanlarını tanıdan sənət olduğunu bildirib. Klassik tərcümə anlayışının problem olduğunu deyən M.İmanov bu məsələyə dəyirmi masada aydınlıq gətiriləcək müzakirələr olacağını qeyd edib.

AMEA Dilçilik İnstitutunun direktoru, Azərbaycanşünaslıq ETL-nin aparcı elmi işçisi, akademik Möhsün Nağısoylu klassik tərcümə sənətinin müasir tələbləri haqqında danışıb. O, Şərq ədəbiyyatı nümunələrinin tərcümə prosesindən bəhs edib. Tərcümə sənətinin tarixinin qədim olduğunu deyən M.Nağısoylu klassik tərcümə sənətinin Azərbaycan ədəbi dilinin imkanlarına göstərdiyi təsirlərdən danışıb.

Filologiya fakültəsinin dekanı professor Şahin Xəlili Avropa ədəbiyyatından, German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Yusif Savalan Alman ədəbiyyatından olunan tərcümələr haqqında məlumat veriblər.

Dəyirmi masa müzakirələrlə davam edib.