Xəbərlər

ADU-da “Audiokitab” layihəsinin əməkdaşları ilə görüşü keçirilib

Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının təşkilatçılığı ilə ADU-nun tələbələrinin “Audiokitab” layihəsinin əməkdaşları ilə görüşü keçirilib. Tədbirdə layihə rəhbəri, əməkdar mədəniyyət işçisi Həsən Həsənov, aktyor Mahir Mirişli, aktyor, bədii qiraətçi Əhliman Ərşadlı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı ilə yanaşı Təhsil-2 fakültəsi nəzdində fəaliyyət göstərən kafedra müdirləri və Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının əməkdaşları iştirak edib.

Layihə əməkdaşları tələbələrə “Audiokitab” layihəsinin yaranma tarixindən, inkişaf prosesindən, sosial şəbəkələrdə bu layihənin istifadə qaydalarından, layihənin tərkibinə daxil olan kitablardan bəhs ediblər. Əməkdaşlardan Zülfiyyə Eldarqızı, Əhliman Ərşadlı və Mahir Mirişlinin söylədikləri şeirlər, bədii qiraət nümunələri tələbələrin marağına səbəb olub.

Sonda çıxış edən Xarici dillər kafedrasının müdiri dos.Aidə Sobor tələbələri audiokitablardan yararlanmağa çağırıb. O, tələbələrin dünyagörüşünün artırılmasında bu kitabların böyük rolu olacağını vurğulayıb.