Xəbərlər

“Koreyaya nəzər” adlı elmi konfrans keçirilib

XƏBƏRLƏR
Azərbaycan Dillər Universitetində Koreya Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Koreyaşünaslıq Akademiyasının “Seed Program for Korean Studies” lahiyəsi çərçivəsində “Koreyaya nəzər” adlı elmi konfrans keçirilib.

Açılış nitqi ilə çıxış edən Koreya Mədəniyyət Mərkəzinin müdiri Bahar Əliyeva mərkəzin son zamanlar akademik istiqamətdə fəaliyyətini xüsusilə vurğulayaraq, gələcəkdə də bu kimi elmi konfrans, seminarların keçiriləcəyini qeyd edib.

Açılış nitqindən sonra “Koreyanın Azərbaycandakı imici” (Bahar Əliyeva), “Koreya və Azərbaycan dillərində atalar sözlərinin müqayisəsi” (Aytən Əlinəvəsi), “Koreya dilini öyrənən azərbaycanlı tələbələr üçün Koreya dili qrammatika dərsliyinin hazırlanması” (Nərmin Məhərrəmova), “Koreya dilini öyrənən başlanğıc səviyyə tələbələrinin qrammatik səhvlərinin tədqiqi” (Vüsalə Həsənova) və s. kimi mövzularda məruzələr edilib və müzakirələr aparılıb.

Fasilədən sonra isə tələbələr “Yumuşaq güc” (Zərbəyim Həsənova), “Koreya dalğasının Azərbaycanda yaranması və yayılması” (Aydan Hacıyeva), “Konglish” (Elvin Nuh), “Cənubi Koreyada Yəmən qaçqın problemi: Jejudo adasında qaçqın krizisi” (Araz Hüseynzadə) və s. mövzularda çıxış ediblər.

Konfransda İnha Universitetindən dəvət olunmuş professorlar da iştirak edərək fikir mübadiləsi aparıblar.