Xəbərlər

“ADU-nun təşkil etdiyi seminar bizim üçün çox faydalı oldu” – İngilis dili müəllimlərinin fikirləri

XƏBƏRLƏR
Azərbaycan Dillər Universitetinin (ADU) Dil Xidmətləri Təlim Tədris və Karyera Mərkəzi məzunlarla iş layihəsi çərçivəsində İsmayıllı rayon təhsil şöbəsi ilə birlikdə “Optimized Traning for ESL Teachers” adlı seminar keçirib.

Seminarda əvvəlki illərdə məzun olmuş və hazırda İsmayıllıda ingilis dili üzrə dərs deyən müəllimlər iştirak edib. Seminarın keçirilməsinin əsas məqsədi əvvəlki illərdə məzun olmuş müəllimləri ingilis dilinin yeni metodikası ilə tanış etmək, orta məktəblərdə xarici dilə olan marağı və dərs keyfiyyətini artırmaq olub. Seminar Azərbaycan Dillər Universitetinin Dil Xidmətləri Təlim Tədris və Karyera Mərkəzinin təlimçisi Zəhra Abdullayeva tərəfindən aparılıb. İştirakçı müəllimlər ADU-nun sertifikatı ilə təltif olunublar.

Seminarda iştirak edən müəllimlərin təəssüratlarını təqdim edirik.

Arzu Məmmədova, İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi: “Xarici dil müəllimləri üçün təşkil edilmiş bu tədbiri yüksək qiymətləndirirəm. Bir müəllim kimi bu seminarda iştirak etdiyim üçün çox sevinirəm. Belə tədbirlərin tez-tez təşkil edilməsini istərdim. Seminarın ilk dəfə olaraq İsmayıllı müəllimləri üçün təşkil olunması üçün Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullaya təşəkkür edirəm. Növbəti dərslərimdə danışıq vərdişlərini inkişaf etdirmək üçün bu üsullardan geniş istifadə edəcəyəm. Burada öyrəndiklərimizi qarşıdakı fəaliyyətimizdə geniş tətbiq edəcəyik”.

Humay Talıbova, İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin ingilis dili müəllimi, Əməkdar müəllim: “Azərbaycan Dillər Universitetinin əməkdaşları tərəfindən İsmayıllı rayonu ümumtəhsil məktəblərində işləyən universitetin keçmiş məzunlarına keçirilən təlim bütün müəllimlər kimi mənim də ürəyimcə oldu. Bu təşəbbüsün qaldırılması ingilis dili müəllimlərini həddən artıq sevindirdi. Seminar zamanı şagirdlərə danışıq vərdişlərini aşılamağın yollarından danışıldı. Bunun üçün müxtəlif çalışmalardan istifadə edildi. Müəllimlər çox fəallıq göstərdilər. Təlimçi Abdullayeva Zəhra danışığın öyrədilməsinin 4 yolunu böyük peşəkarlıqla izah etdi. Təlim universitetin keçmiş məzunlarını daha yaxşı işləməyə həvəsləndirdi. Təlimin davamlı olacağı biz müəllimlərə daha böyük stimul verdi. "Optimized Training for ESL Teachers" təliminin şagirdlərimizin şifahi nitqini inkişaf etdirməkdə bizə köməyi olacağına əminəm. Təlimin təşkilatçılarına, Dillər Universitetinin rəhbərliyinə və təlimçilərə dərin təşəkkürümü bildirirəm”.

İranə Əhmədova, İsmayıllı şəhər 2 saylı tam orta məktəbin İngilis dili müəllimi: “İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Dillər Universitetinin təşkilatçılığı ilə keçirilən “İngilis dili müəllimləri üçün optimallaşdırılmış təlim” adlı seminar çox faydalı oldu. Seminar orta məktəblərdə ingilis dili dərslərində danışmanın təşkili, metod və üsullarını əhatə edirdi. Seminar qarışılıqlı müzakirələrlə daha da maraqlı keçdi. Düşünürəm ki, gələcəkdə bu cür seminarların rayonlarda keçirilməsi davam edəcək. Təşkilatçılara dərin minnətdarlığımı bildirirəm”.

Gülşən Məmmədova, İsmayıllı şəhər 6 saylı tam orta məktəbin İngilis dili müəllimi: “Təlim ADU-nun müəllimləri tərəfindən keçirildi. Mövzu İngilis dili dərslərində dörd məzmun xətlərindən biri olan danışıq vərdişlərinin şagirdlərə aşılanması idi. Təlim az müddətli olsa da, öyrədici tərəfləri çox idi. Təqdim olunmuş işçi vərəqləri şifahi nitqin inkişafi üçün əhəmiyyətli materiallarla zəngin idi. Belə təlimlərin vaxtaşırı keçirilməsi təqdirəlayiqdir”.

İsrayıl Həsənov adına İsmayıllı rayon 1 saylı tam orta məktəbin ingilis dili müəllimlərinin keçirilən təlim haqqında rəyi: “Optimized Training for ESL Teachers” təlimində 1 saylı məktəbin də xarici dil müəllimləri iştirak etdi. Bu, bizim üçün çox maraqlı və faydalı bir təlim oldu. Təklif edərdik ki, bu səpkili təlimlər davamlı və daha uzun müddətə təşkil olunsun. Həmçinin, bu universitetin məzunu olmayan digər ingilis dilini tədris edən müəllimlər, eləcə də məktəblərdə tədris edilən digər xarici dil müəllimləri də bu təlimlərə cəlb edilsin. Bu, ümumiyyətlə, xarici dilin tədrisinə və həmçinin şagirdlərin buraxılış imtahan nəticələrinə müsbət təsir göstərmiş olar. İştirakçı müəllimlər mərkəzin direktoru Salman Quliyevə, universitetin əməkdaşlarına və şəxsən universitetin rektoru, akademik Kamal Abdullaya dərin təşəkkürlərini bildirirlər”.