Xəbərlər

ADU-nun professoru Oksford Universitetində keçirilən konfransda ölkəmizi təmsil edib

Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov İngiltərənin Oksford Universitetində keçirilən (St. Anne' College) beynəlxalq sosial elmlər konfransında iştirak edib. O, "Dil və mədəni kimlik" ("Language and Cultural İdentity") movzusunda məruzə ilə çıxış edib. Konfransın bir bölməsinin iclasına da Fikrət Cahangirov sədrlik edib.

Beynəlxalq sosial elmlər konfransı 15-ci dəfədir keçirilir. Konfransın keçirildiyi 3 gün müddətində dünyanın 16 ölkəsindən - ABŞ, Azərbaycan, Yaponiya, Hindistan, Pakistan, Çili, İspaniya və başqa ölkələrdən gəlmiş iştirakçılar 26 məruzəni dinləyərək müzakirə ediblər. Sosial elmlərin ən müxtəlif mövzuları üzrə məruzələr maraqla qarşılanıb.

Fikrət Cahangirov öz məruzəsində dil və mədəniyyətin əlaqəsi, mədəni kimliyin sərhədləri, mədəniyyətlərarası dialoq məsələlərinə toxunub. Alim eyni zamanda multikulturalizmin Azərbaycanda dövlət siyasəti və həyat tərzi olmasını xüsusi qeyd edib. Konfrans iştirakçıları multikulturalizmin Azərbaycan modelini maraqla qarşılayıblar.