Xəbərlər

“Gender hüquqları, gender stereotipləri və stereotiplərsiz ictimai əlaqələrin qurulmasına bələdçilik” mövzusunda seminar

XƏBƏRLƏR
Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı və Fransanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə, Azərbaycanda səfərdə olan Fransanın Baş naziri yanında “Qadınlar və kişilər arasında bərabərlik” adlı Ali Şuranın baş katibi Kler Qironun iştirakı ilə ADU-nun fransızdilli müəllim və tələbələri üçün “Gender hüquqları, gender stereotipləri və stereotiplərsiz ictimai əlaqələrin qurulmasına bələdçilik” mövzusunda seminar keçirilib. Seminarda fransızdilli müəllim və tələbələr, eyni zamanda Azərbaycan Fransız İnstitutunun direktoru Moris Rufən iştirak edib. Seminarda xanım Qiro gender bərabərliyi, gender rollarının paylaşdırılması, gender stereotipləri, qadın və kişilərin cəmiyyətdəki yeri, onların funksiyaları, sosial rolları ilə bağlı məlumat verib. Tədbirdə Qiro müəllim və tələbələrlə gender probleminin yaranmasının sosial-psixoloji xüsusiyyətləri, eləcə də bu problemin yaranmasına səbəb olan amillər, onların aradan qaldırılması yollarının tapılması istiqamətində fikir mübadiləsi aparıb. O, təhsil sistemində, dövlət siyasətində, qanunvericilikdə, hökümət və qeyri-hökümət təşkilatlarının fəaliyyətində mühüm yer tutan və özünü təsdiqləmiş bir problem kimi diqqəti cəlb etdiyini, bu problemin Fransada, eyni zamanda digər xarici ölkələrdə də bu və ya digər səviyyədə özünü göstərdiyini vurğulayıb. Seminar zamanı müəllim və tələbələr Azərbaycan ailələrində gender probleminə səbəb olan amillər haqqında məlumat verib və fransız və azərbaycan ailələrində gender probleminə səbəb olan amillər müqayisə olunub. Seminarın sonunda müəllim və tələbələrin sualları cavablandırılıb.