Xəbərlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi “Könüllülükdən peşəkarlığa” layihəsini həyata keçirir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi “Könüllülükdən peşəkarlığa” layihəsini həyata keçirir. Könüllü kimi fəaliyyət göstərmək istəyən tələbə və məzun gənclər Bakı şəhəri üzrə Təhsil İdarəsinin müxtəlif sektorlarında, xidmət bölmələrində, Təlimə Dəstək Mərkəzində və təhsil müəssisələrində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar. Layihədə iştirak etmək arzusunda olan tələbələr 5 mart 2020-ci il tarixinədək CV formasını və niyyət məktubunu (layihədə iştirak etmək istədiyi istiqaməti və səbəbini göstərməklə) konullu@baku.edu.gov.az elektron ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Layihənin məqsədi

Layihə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar tələbə və məzun gənclərə öz bilik və bacarıqlarını artırmaq, təhsil sahəsində təcrübə toplamaq, kollektivlə işləmək bacarıqlarına yiyələnmək, uğurlu karyera qurmaq imkanı yaratmaq, onların elmi fəaliyyət və keyfiyyət göstəricilərini yüksəltmək, gənclərin peşəkar kimi formalaşmasına dəstək vermək məqsədilə təşkil olunur.
Layihənin vəzifələri

1. Tələbə və məzunların peşəkarlığının artırılmasına, fərdi inkişafına nail olunması;
2. İştirakçıların uğurlu karyera qurması, təhsil sahəsində peşəkar kimi formalaşmasına dəstək verilməsi;
3. Dövlətin gənclər siyasətinə dəstək verilməsi, istedadlı və bacarıqlı gənclərin aşkara çıxarılması;
4. Tələbə və məzunların təhsil sahəsi ilə bağlı müxtəlif araşdırma və təqiqatlara cəlbi, onların tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi.

Layihənin həyata keçirilmə qaydaları

Layihədə ali məktəblərin III və IV kursunda və magistratura səviyyəsində təhsil alan tələbələr, ali təhsilini bitirmiş gənclər iştirak edir.

Layihə 2020-ci ilin fevral-iyun aylarında həyata keçirilir. Layihə üç istiqamətdə təşkil olunur.
Birinci istiqamət:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrində könüllü olaraq fəaliyyət jöstərmək və təcrübə qazanmaq arzusunda olan gənclər üçün

Bu istiqamət üzrə müraciət edən gənclər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil, Insan resursları, Informasiya təminatı, Inkişaf layihələri, Maliyyə və mühasibatlıq, Keyfiyyətə nəzarət, lctimaiyyətlə əlaqələr, Hüquq, Təminat və təchizat, Ümumi sektorlarında, Təlimə Dəstək Mərkəzi, xidmət bölmələri və məktəbdənkənar təhsil müəssisələrində könüllü fəaliyyət göstərmək imkanı qazanacaqlar.

İkinci istiqamət:

Təhsil sahəsi üzrə aparılan müxtəlif araşdırma və tədqiqatlarda birbaşa iştirak etmək arzusunda olan gənclər üçün

Bu istiqamət üzrə müraciət edən gənclər aşağıdakı sahələrdə könüllü fəaliyyət göstərə biləcəklər:

1 .Təhsilin müxtəlif istiqamətləri üzrə araşdırma və tədqiqatların aparılması;
2. Təhsil işçiləri, məktəblilər, onların valideynləri ilə müxtəlif sorğuların aparılması;
3. Təhlillərin aparılması, təhlillər üzrə hesabatların hazırlanması.

Üçüncü istiqamət:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində idarəetmə təcrübəsi qazanmaq arzusunda olan gənclər üçün

Bu istiqamət üzrə müraciət edən gənclər Bakı Şəhəri üzrə Təhsil idarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində direktorun nəzarət və rəhbərliyi ilə könüllü olaraq fəaliyyət göstərmək və idarəetmə təcrübəsi qazanmaq imkanı əldə edəcəklər.

Təlimlərin təşkil edilməsi

Hər üç istiqamət üzrə layihədə iştirak edən gənclər üçün fərdi və peşəkar inkişaf, təhsilin müxtəlif sahələri, təhsilin idarəedilməsi istiqamətləri üzrə təlimlər təşkil olunacaqdır.

Layihədə iştirakla əlaqədar müraciət qaydaları:

1.Layihədə iştirak etmək arzusunda olan tələbə və məzunlar 05 mart 2020-ci il tarixədək CV formasını və niyyət məktubunu (layihədə iştirak etmək istədiyi istiqaməti və səbəbini göstərməklə) konullu@baku.edu.aov.az elektron ünvanına göndərməklə qeydiyyatdan keçə
2.İlk olaraq qeydiyyatdan keçən gənclərin Cv formaları yoxlanılacaq. Layihədə iştirak üçün müvafiq tələblərə cavab verən gənclər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müsahibələrə dəvət olunacaqdır.
3.Müsahibələrdən uğurla keçən gənclər layihədə iştirak etmək hüququ əldə edəcəklər.

Layihənin yekunu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmə rəhbərləri və ümumi təhsil məktəblərinin direktorları təhkim olunmuş könüllü gəncin fəaliyyəti barədə rəyini və fəaliyyətini əks etdirən hesabatı könüllülük müddətinin sonunda İnkişaf layihələri sektoruna təqdim etməlidir.

Layihənin yekun tədbiri 2020-ci ilin iyun ayında təşkil olunacaqdır. Sonda layihəni uğurla başa vuran könüllü gənclərə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq təsdiqləyici sənəd təqdim olunacaqdır.